Bulanıq suların durulması üçün Müsavatın indiki rəhbərliyi...

Gərək belə olmayaydı… Bir zamanlar dostluq, yoldaşlıq, silahdaşlıq etdiyin, sona qədər qopmadığın, aradakı salam-əleyki qorumağa çalışdığın adamlarla savaşmaq, onlara hücum etmək, onlardan müdafiə olunmaq çox ağırdır.
Adam belə situasiyalarda nə edəcəyini, nə yazacağını bilmir. Yazırsan, xora qoşulmuş olursan, yazmırsan, haqsız durumda qalırsan.
Bununla belə, bu yazıda tikanlı olmamağa, obyektiv olmağa çalışacağam. Şəxsi mövqeyim bəzi məqamlarda qəzetimizin, bəzi məqamlarda isə Müsavat partiyası rəhbərliyinin mövqeyi ilə üst-üstə düşməyəcək.
Söhbətə “mühacir alveri” deyə girməyi də düzgün saymıram, çünki arzu edənlərə dürüst və saxta arayış vermək hələ mühacir alveri etmək deyil. Partiya xeyli adama Müsavat üzvü olmaları, siyasi təqibə məruz qalmaları haqda arayışlar verib, onların nə dərəcədə saxta-dürüst olmasını da aidiyyatı strukturlar ayırd edə bilər – istər ölkəmizdə, istərsə də Almaniyada.
Məsələ ondadır ki, bu işə görə ölkənin ən qədim, Azərbaycana ilk dəfə müstəqillik qazandırmış partiyasının – Müsavatın adı, necə deyərlər, dillərdə dastan olub və bu, heç də müsbət planda deyil, partiyanın reputasiyasına ziyan vurulub.
Burada köhnə siyasi rəqiblərin fürsətdən yararlanmasını, partiyadaxili müxalifətin tənqid üçün yeni dəlillər əldə etməsini, siyasi arenada yeni-yeni boy göstərməyə çalışanların hərəkətini (onlar məsələyə basabas avtobusdan enən sərnişinlərə görə rahatlıq əldə edən adamlar kimi yanaşır) gözardı etmək olmaz. Bunların hamısı var.
Ancaq məsələ ondadır ki, bütün bu söz-söhbətlər üçün ortada bəhanə, motiv var də və bunun ortaya çıxmasına partiya rəhbərliyi şərait yaradıb.
Bununla belə, tam səmimiyyətlə qeyd edirəm ki, bu söhbət yoğunlayanda biz qəzet olaraq bu məsələyə neytral mövqedən yanaşdıq. Hətta baş redaktor Rauf Arifoğlu ilə ayaqüstü məsləhətləşməmiz zamanı belə bir qərar verdik ki, qəzet “mühacir qovğası” məsələsində neytral qalacaq, amma mən müəllif olaraq doğru bildiyim şeyləri yazmaqda sərbəstəm.
Doğrusu, bu xüsusda Müsavata qarşı total hücum, şiddətli kampaniya, irəli sürülən ittihamların bəzən haqq-ədalət əndazəsini aşdığını sezdiyimdən özümü saxlaya bilmədim, müdafiə səciyyəli iki yazı yazdım.
Bir də sosial şəbəkədə vaxtilə Bakıda Stalinə açılmış cinayət işinə tikilmiş şəkil paylaşaraq, belə bir status yazdım: “Bu, Stalinin Bakıda törətdiyi cinayətlərə görə ona açılmış cinayət işinin şəklidir. O, bolşeviklər partiyasını maliyyələşdirmək üçün Bakıda adam qaçırmaqdan, bank soymaqdan tutmuş ta sahibkarlara qarşı reketlik etməyə qədər hər cür cinayətə qol qoyub. Axırını da bilirsiniz... Yəni, partiya maliyyələşdirmək həmişə çətin iş olub”
Səhifəmi izləyənlər statusu niyə yazdığımı, sözü nəyə gətirdiyimi anındaca tutmuşdular. Demək istəyirdim ki, bəziləri çox da hücumda oynamasınlar, o vaxt da partiya maliyyələşdirmək çətin idi, indi də çətindir. Ona qalsa çoxları vaxtilə yaranışından cinayət yoluyla maliyyələşmiş bir partiyanın (ya da onun gənclər təşkilatının - komsomolun) üzvləri olublar.
Ancaq görünür, partiya rəhbərliyinin bu xəfif müdafiədən ya xəbəri olmadı (bu mümkündür, çünki bu saat bir-birinin yazısını, statusunu oxuyan azdır), ya da bu jest də cığallıqla qarşılandı. Hər halda, fədakarlığını, cəfakeşliyini digər məziyyətlərindən üstün tutduğum Arif Hacılı mətbuat konfransında, necə deyərlər, “arı yuvasına çöp uzatdı”. Onu istefaya çağıranlar, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edənlər qalmışdı qıraqda…
Daha sonra onun vaxtilə Müsavat partiyası üçün mühüm işlər görmüş Ramiz Yunusla yazılı polemikasını gördüm. Kimsə skrinşot edib paylaşmışdı. Xoşagələn söhbət deyildi. Arif Hacılı “bəli, Ramiz bəy, sizin də Müsavat qarşısında önəmli xidmətləriniz olub” deyə mübahisəni startda kəsmək əvəzinə, adamın damarına inyeksiya edir və o da hər şərhində daha da irəli gedərək, açıqlanması lazım olmayan söhbətləri uzatdıqca uzadırdı. Halbuki cığallıq etməməklə, “filan məsələdə haqlısan” deməklə mübahisəni sonlandırmaq çətin deyildi.
Özümdən yaşca və siyasi təcrübəcə böyük adamlara israrla tövsiyə vermək fikrim yoxdur, amma biz də elə bir yaş dövrünə gəlib çatmışıq ki, 30 ildən bəridir içində olduğumz siyasi arenaya dair bir-iki faydalı məsləhət yiyəsi ola bilərik.
Məncə, Müsavat öz reputasiyasını qorumaq, ləkədən xilas olmaq istəyirsə, indiki rəhbərlik müvəqqəti olsa da, idarəçilikdən çəkilməlidir. O zaman bulanıq sular daha tez durulacaq.
Rubrika.Az
Facebook-da paylaş







