• 2019-un iki lideri- Əliyev, Putin…

    2019-un iki lideri- Əliyev, Putin…

    Yola salmaqda olduğumuz 2019-cu il həm ölkəmiz, həm dünya üçün bir sıra mühüm hadisələrlə yadda qaldı.

    2019-cu ildə baş verənləri ümumiləşdirərək nəzər salsaq, nələri yada salmaq lazım gəlir? Bura Honq-Konqdan, Parisdən, Kataloniyadan tutmuş Venesuella, Çilidəki küçə aksiyaları, ABŞ-da Ağ Ev sahibinə impiçment qərarından ta Azərbaycanın Ağ Evində baş verən inqilabi kadr dəyişikliyinə qədər qeyd etmək olar.

    Rubrika.az-ın musavat.com-a istinadla məlumatina görə, Keçmiş SSRİ məkanının ən stajlı prezidenti Nursultan Nazarbayevin prezidentlikdən istefa versə də, siyasətdən çəkilməməsi, əksinə, əlavə səlahiyyətlər alaraq yerini möhkəmlətməsi, Azərbaycan hakimiyyətində isə əksinə, heç vaxt kreslodan qopmayacaqlarına inananların yola salınması ilə müşahidə olunan şok kadr dəyişikliyinin gerçəkləşməsi ilin ən mühüm öllədaxili hadisələri sırasında yer almağa layiqdir. İlham Əliyev Azərbaycandakı idaretməni mürəkkəb şərtlər daxilində dəyişməklə həm də ölkəni gərgin geopolitik risklərdən qoruya bildi. Azərbaycan ictimaiyyəti bu il sosial sahədəki ciddi irəliləyişi, hakimiyyətdəki dəyişikliyi və bunların müəllifi İlham Əliyevi danışdı.

    Təbii fəlakətlər, təyyarə qəzaları, o cümlədən sükanı arxasında bir tatar balasının, içərisində isə yüzlərlə şərnişinin olduğu uçağı qarğıdalı sahəsinə endirən Rusiya Qəhrəmanını yada salmamaq da mümkünsüzdür. Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatı, qan çanağına dönmüş ölkədə sülh ümidlərinin yarandığını, Fars körfəzində bir sıra ölkələrin burun-buruna gəlməsi, NATO-Rusiya münasbətlərinin kəskinləşməsi, İrandakı benzin qiyamını, Moskvada müxalifətin aksiyalarındakı qarşıdurmaları da yada salmaq olar.

    Neftin qiymətinin ötən illərlə müqayisədə stabilləşməsi, Azərbaycanın, Türkiyənin və Rusiyanın iştirakçısı olduğu müxtəlif qaz (TAP, TANAP, «Şimal axını», «Türk axını») layihələrinin böyük ölçüdə işə salınması, Aralıq dənizindəki təbii sərvətlər uğrunda Ankaranın da qoşulduğu gərginliyin davam etməsi, qlobal iqtisadi böhranın isə arxada qaldığı il kimi də tarixə düşəcək…

    Bu və ya digər hadisələr, əlbəttə, Azərbaycana da təsirsiz ötüşməyib. Xüsusilə qonşu ölkələrdə baş verənləri yada salanda, adama elə gəlir ki, ölkəmiz məşhur nağıldakı kimi hərəsi bir tərəfə dartan «üçlüyün» əhatəsinə düşüb. Gürcüstan «yerlə-göy» arasında var-gəl edir, Rusiya hamını ətrafında toplamağa, İran isə hamını oda çəkməyə meyllənib və Azərbaycan bunların arasında özünü qorumaqla məşğuldur. Bakı bu il diplomatik cəbhədə uğurlu həmlələr etdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlaması münasibətilə keçirilən tədbirdə 140-dan çox ölkənin Qarabağdakı işğal faktını tanıması xüsusilə diqqətçəkən oldu. Prezident İlham Əliyevin Azərbaycanın Avropa İttifaqı ilə bağlı münasibətıərinə dair yerli televiziyalara açıqlamaları, bu qurumla əməkdaşlıqda Bakının ehtiyatlı mövqeyini izah etməsi də 2019-a damğasını vuran hadisə sayıla bilər. Dövlət başçısı kifayət qədər açıq mətnlə Azərbaycanın taleyinin Brüsselə həvalə olunmayacağını dedi. Ad çəkməsə də, bu siyasətdən xüsusilə Ukraynanın, Gürcüstanın ciddi ziyan çəkdiyinə işarə etdi. Prezident ilk dəfə həm də Avropa Birliyinin bir müsəlman ölkəsini üzvlüyə qəbul etməyəcəyini dedi və buna misal olaraq Türkiyəni göstərdi.

    Qardaş Türkiyə üçün də çətin bir il oldu. Suriya bataqlığından çıxa bilməmiş, indi ölkə Liviyada yeni silahlı münaqişəyə cəlb edilməkdədir. AKP hakimiyyəti bələdiyyə seçkilərində ilk dəfə itirdiyi böyük şəhərlərdəki mövqelərini sanki ordunun gücü ilə, ölkə kənarında cəlb olunmuş münaqişələrlə «qaytarmaq» istəyir. Əlbəttə, bu əməliyyatların izahı var: ölkənin təhlükəsizliyi, regionda söz sahibi olmaq və sairə. Amma təəssüf ki, ölkənin düşmənləri də artmaqdadır. Türkiyənin dünyada boy göstərməsi bizim də xeyrimizə olar, amma yola saldığımız ildə Ankaranın mövqelərini möhkəmlətdiyini demək olmur. Rusiya telekanallarına diqqətlə baxanda Ankaranın Moskva ilə müttəfiq olduğuna inanmırsan. Türkiyəyə lağ edirlər, böyük siyasi iddialarını qəbul edə bilmirlər. Putin Türkiyəyə bu il S-400 satmaqla təkcə Ankaranın NATO ilə münasibətlərini zədələmədi, onu özünün zorən şəriki etdi, enerji asılılığını artırdı, həm maddi, həm siyasi olaraq daha çox Moskva qazandı. ABŞ-ın qəfil «qondarma soyqırım» qərarını yada salmasının bir cəza tədbiri oıduğu aydındır. Türkiyənin ziyanına olan bütün qərarlar isə bizi də «vurur». Hələ bu erməni məsələsidirsə …

    O səbəbdən Türkiyəyə diqqətimiz gələn ildə də, əlbətt, azalmayacaq, ən yaxşı arzularımız həm də Türkiyəmiz üçün...

    Putin! Bu ilin qalibini Rusiya lideri hesab edənlərə haqq vermək lazımdır. Elə Putinə də! Rusiyanın bu il də davam edən iqtisadi sanksiyalarla çökməyəcəyi bir daha təsdiqləndi. Putin Qərbin açıq və ya gizli düşmənlərini yanına çəkməkdə davam etdi. Ən əsası Çinlə münasibətlərində dönüş etdi, Asiya nəhəngi ilə ticari-siyasi əlaqələrini daha da möhkəmləndirdi. Rusiyasız dünyada heç bir iri iqtisadi layihələrin, hərbi münaqişələrin həll olunmayacağı həqiqəti bizi daha bir il Qarabağdan ayırdı.

    Ermenistanda səslənən sərsəm bəyanatlara baxmayaraq, 2019-un yekunu ilə bağlı qısa yazıya prezident İlham Əliyevin «Valday» beynəlxalq konfransında dediyi fikirlərlə yekunlaşdırmaq olar: «Qarabağ Azərbaycandır. Nida!»

    İliniz, ilimiz uğurlu olsun…

    Rublika.a


    Facebook-da paylaş