• “GÜCLÜ DÖVLƏT – GÜCLÜ ORDU” prinsipi ilə Azərbaycan Silahlı Qüvvələri


    Dönüb keçmiş dövlətçilik ənənələrinə nəzər salsaq ordunun mühüm, bir o qədər də taktiki və qayğı tələb edən siyasət olduğunu görə bilərik. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Təsadüfi deyildir ki, müasir Azərbaycanın əsası 1918 26 iyunda qoyulan Silahlı Qüvvələri bu gün dünya ölkələri arasında ən güclü 50 ordudan biridir.
    Məlumdur ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə xalqımız rus imperializminin əsarətindən xilas olaraq Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Vaxtın az, düşmənin isə çox yaxında olduğu ziddiyyətli, təbəddülatlarla dolu bir zamanda ordu quruculuğuna başlandı və qısa müddətdə bir sıra uğurlar qazanıldı: Bakı erməni-daşnak işğalından azad edildi, Qarabağda erməni quldur dəstələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirildi. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsinə imkan vermədi. Buna baxmayaraq, hələ yeni formalaşmaqda olsa da, o zaman Azərbaycan Ordusu axıradək düşmənə layiqli cavab verdi.
    Heydər Əliyevin xalqın arzusu ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyin digər təsisatları kimi vahid komandanlığa əsaslanan mütəşəkkil ordunun yaradılmasının da əsasını qoydu. Bu istiqamətdə ulu öndərin atdığı ən uğurlu addımlardan biri bütün silahlı dəstələrin buraxılması, onların silahlarının, texnikalarının, habelə əhalidə olan silah-sursatın yığılması oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq özünün yeni keyfiyyət mərhələsinə qədəm qoyub
    Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!
    Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.
    HEYDƏR ƏLİYEV
    Onu da qeyd etmək yerinə düşər ki, əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə, artıq bu gün regionun ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur. Bu, Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə, düşünülmüş siyasi xəttinin və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin nəticəsidir. Bu gün Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə hesablanmış addımlar atması ordumuzun yüksək səviyyəyə gəlib çatmasını şərtləndirmişdir. Prezident İlham Əliyevin vaxtilə elan etdiyi "Azərbaycanın hərbi büdcəsi ümumilikdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır" tezisi qısa müddətdə öz təsdiqini tapmışdır. İndi Azərbaycan Silahlı Qüvvələrinin timsalında ən müasir tələblərə cavab verən, modern maddi-texniki təchizata, mükəmməl döyüş əməliyyatları aparmaq qabiliyyətinə malik bir ordunun nümunəsini görürük.
    Hazırda Azərbaycan Ordusunun ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texniki bazası və bu texnikanı işlətməyə, ən əsası hərbi birləşmələrlə istənilən döyüşdən qalib çıxmağa qadir olan peşəkar zabit korpusu var. Azərbaycan Ordusu çoxdan arzuladığımız səviyyəyə çatıb. Azərbaycan ictimaiyyəti bunun əyani təsdiqini müxtəlif illərdə, Silahlı Qüvvələrin yaradılması münasibəti ilə keçirilən çox möhtəşəm hərbi paradlarda gördü. Hər kəs bir daha əmin oldu ki, Azərbaycanın hər an düşmənə layiqli cavab verə bilməyə qadir olan güclü, qüdrətli və modern ordusu, hərbi arsenalında isə ən müasir, dünyanın qabaqcıl ölkələrinin ordularının silahlanmada istifadə etdikləri texnika var. Xalqımız öz silahlı qüvvələri ilə fəxr edir, hər bir azərbaycanlı ailəsi övladını çox həvəslə ordu sıralarında qulluğa göndərir. Güclü ordu Azərbaycanın müstəqilliyinin və azərbaycançılıq məfkurəsinin zəmanətlərindən biridir.
    Ordumuzun 2016-cı ilin şanlı aprel döyüşlərindən sonra Günnüt zəfəri də ermənilərdə ciddi narahatlıq yaradıb. Bu o deməkdir ki, Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru cəsarətlə irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
    Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır.
    Ordumuzun belə uğurlu inkişafına təsir edən digər amil isə Ali Baş Komandan tərəfindən hərbçilərə göstərilən diqqət və qayğıdır. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər zabitlərin məişət problemləri də həll olunur. Hərbçilərin əmək haqqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
    Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident İlham Əliyev həmin müqəddəs günün uzaqda olmadığının anonsunu verdi.

    Aidə Mirzəyeva
    Bakı şəhəri, Nəsimi rayonu təhsil işçisi


    Facebook-da paylaş