Prezident İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır
Prezident İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Qısa müddətdə 1300-dən çox adda silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 %-dən çoxu müdafiə təyinatlıdır. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə yenilənməsini həyata keçirməkdədir.
2017-ci ildə Bakıda iki dövlət - Türkiyə və Azərbaycan arasında keçirilən "TurAz Qartalı - 2017" taktiki təlimləri təsdiqlədi ki, azərbaycanlı pilotlar yüksək pilotaj məharətinə malikdirlər. Daha sonra "MSPO - 2017" sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah və sursatların nümayişi də ordumuzun yüksək inkişaf mərhələsində olduğunu və Qafqazın ən güclü ordusu olduğunu göstərdi.
2016-cı ilin aprel döyüşləri və Naxçıvan əməliyyatı təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordunun birliyini göstərdi. Hərbiçilərlə görüşdə İlham Əliyev demişdir: "Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya bilir. 2016-cı ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik..."
Azərbaycan xalqı öz ordusuna inanır və Ali Baş Komandanın ətrafında sıx birləşərək hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir.
Hüseynov Anar
Nəsimi rayon təhsil işçisi
Facebook-da paylaş










