Rus hərbi kəşfiyyatının koronavirus barədə dezinformasya yaydığı iddia olunur

“Associated Press” agentliyi və “The New York Times” qəzeti Rusiya kəşfiyyatının koronavirus haqqında dezinformasiya fəaliyyəti ilə məşğul olduğunu iddia edib.
Adı çəkilən media qurumlarının informasiyasına əsasən, Rusiya Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşları Aleksandr Starunski və Denis Tyurin “InfoRos”, “InfoBrics.org” və “OneWorld.press” kimi saytlarda kəşfiyyat materiallarına və “öz qaynaqlarına” istinadən koronavirus pandemiyası haqqında yalan materiallar yayırlar.
Ümumilikdə həmin portallarda may ayından başqlayaraq 150-dən çox məqalə dərc olunub. Yazıların mətnlərində koronavirusun ABŞ tərəfindən törədildiyi, pandemiyanın isə “dünya üzərinə manipulyasiya siyasətinin həyata keçrilməsi yolunda eksperiment” olduğu göstərilib. Bundan başqa, bəhs olunan məqalələrdə Rusiyanın koronavirusla mübarizədəki rolu xüsuslə qabardılır.
Xəbərdə ABŞ Federal Təhqiqatlar Bürosunun “Strategic Culture Foundation” adlı analitik mərkəzin fəaliyyətini araşdırdığı qeyd olunub. FTB bu təşkilatı da Rusiya kəşfiyyatı ilə əlaqələndirir. Həmin qurumun xəbərləri tam antiamerikan məzmunda çıxır, üstəlik, digər saytlar vasitəsilə aktiv surətdə milyonlarla insana çatdırılır.
ABŞ əks-kəşfiyyatı Rusiyanın prezident seçkiləri öncəsi internet-trolları daha aktiv şəkildə prosesə qoşduğunu bəyan edib. Bu ilin iyun ayının ortasında ABŞ-ın “Graphika” adlı şirkəti sosial şəbəkələrdə Qərb, Ukrayna və Rusiya müxalifəti barədə aqressiv dezinformasiya fəaliyyətini aparan milyonlarla troll hesabı aşkarlayıb. Onlar bütün dünyada ən çox abunə hesabına malik olan 300-dən çox saytı zərərli proqram və informasiyalarla yoluxduraraq sosial şəbəkələrin, habelə “Quora” kimi “sorğu-cavab” (insanlar bu saytda ən müxtəlif məsələlər barədə sual ünvanlayır, saytın müvafiq sahələr üzrə ekspertləri onlara cavab verirlər-red.) platformasının istifadəçilərinə təsir göstərməyə çalışıblar.
Rubrika.Az
Facebook-da paylaş














