• Qarabağ zəfərindən keçən 9 ay - qürurverici tarixin postmüharibə mərhələsi

    Qarabağ zəfərindən keçən 9 ay - qürurverici tarixin postmüharibə mərhələsi

    Azərbaycan dövləti ötən aylar ərzində beynəlxalq təzyiqlərə, ən müxtəlif maneələrə baxmayaraq, qələbəni möhkəmləndirən qətiyyətli siyasətindən vaz keçmədi; “Müharibə bitsə də, mübarizə bitməyib”

    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Ermənistanın işğalçı ordusunu darmadağın etməsindən artıq 9 ay keçir. Zaman baxımından elə də böyük müddət deyil, amma Azərbaycan dövlətinin bu aylar ərzində qələbəmizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi işlər saysız-hesabsız, eyni zamanda fövqəladə əhəmiyyətə malikdir.

    Üçtərəfli bəyanatın imzalandığı tarixdən - 10 noyabrdan başlayaraq, Azərbaycan rəhbərliyi xarici və daxili siyasətdə mühüm addımlar atıb, həmçinin şəhid ailələrinə, qazilərə dövlət dəstəyinin göstərilməsi baxımından əlindən gələni edib. Azərbaycan dövləti müharibədən çıxsa da, qısa müddət ərzində hətta cəbhə bölgəsinə yaxın ərazilərdə erməni terrorundan və müharibə cinayətlərindən zərər görmüş vətəndaşlarımızın da yanında oldu, dağılmış, zədələnmiş evlərin tikintisi, bərpası hazırda da davam etdirilir. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinin gedişi fantastik miqyas alıb. Qarabağa səfər edən xarici ölkə vətəndaşları Ermənistanın 30 illik işğal dövründə burada törətdiyi vəhşiliklərdən, vandallıqlardan nə qədər sarsılırsa, Azərbaycan dövlətinin qısa zaman kəsiyində reallaşdırdığı layihələrdən heyrətə gəlir. Şuşaya çəkilən Zəfər yolu, Zəngilanda qurulan ağıllı kəndlər, Füzulidə tikilən hava limanı, ayrı-ayrı məkanlarda quraşdırılan su elektrik stansiyaları, məhv edilən yaşıllıqların yerində salınan meşəliklər, bağçalar...

    Bütün bunlar cəmi 9 aylıq nəticədir və heyrətamizdir. Eyni zamanda Azərbaycan 21-ci əsr silahları ilə düşmənə qalib gəlmiş ordusunun modernləşdirilməsi istiqamətində də qətiyyətli addımlarını atır. Müharibədə qalib çıxmış ordumuzun yenidən formalaşdırılması dövlət rəhbərliyinin prioritet hesab etdiyi sahədir. Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonrakı fəaliyyəti, diplomatiya və informasiya sahəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq bir çox siyasət uzmanlarını belə təəccübləndirməkdədir. Azərbaycanı lideri olduqca çevik, incə gedişləri, balanslaşdırılmış siyasəti ilə postmüharibə dövründə üstümüzə gəlməyə cəhdlər göstərən paytaxtları zərərsizləşdirməyi bacardı, onların bir çoxları artıq Azərbaycanla əməkdaşlığın perspektivləri barədə variantlar aramaqdadırlar. Burada heç şübhəsiz ki, Prezidentin qətiyyəti və geridönməz, güzəştsiz siyasəti öz sözünü demiş oldu.


    On illər boyunca Azərbaycanı təslimçi sülhə vadar etmək istəyənlər bir daha anladılar ki, Prezident Əliyevlə təhdid, təzyiq dili ilə danışmağın heç bir mənası yoxdur. Dövlət başçımız fəaliyyətsiz həmsədrlərə ünvanlarını göstərdi, Qarabağın statusunun cəhənnəmə getdiyini qətiyyətlə bildirdi, hətta Dağlıq Qarabağ adlı inzibati ərazinin olmadığını anlatdı və mövzu ilə bağlı müzakirələrdə korrekt davranmağın ümumi işə fayda verəcəyi haqda lazımi ünvanlara ismarışlarını verdi. 9 aylıq dönəmdə dünya daha bir tarixi hadisəyə şahidlik etdi: tarix boyunca ilk dəfə Şuşaya ikinci ölkənin - qardaş Türkiyənin dövlət başçısı rəsmi səfər etdi və burada Müttəfiqlik Bəyannaməsi qəbul edildi! Bu, Azərbaycan və Türkiyənin xarici müdaxiləyə qarşı birgə mübarizəsini rəsmiləşdirən sənəd oldu! Bu dönəmdə diplomatik korpus təmsilçilərinin, media mənsublarının, iş adamlarının Qarabağa səfərləri də qələbəmizin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar oldu.

    Prezident sərəncamı ilə Şuşa şəhərinə Azərbaycan mədəniyyətinin paytaxtı statusunun verilməsi, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada, uzun fasilədən sonra “Xarı bülbül” Musiqi Festivalının keçirilməsi də böyük hadisə oldu. Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı sərəncamlar imzalayıb ki, bu da hərtərəfli böyük əhəmiyyət kəsb edən məsələdir. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində atılan qətiyyətli addımlar, Ermənistanla sərhəd boyunca yeni hərbi hissələrin yaradılması, düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin sərhədimizi göz bəbəyidək qoruması, dövlət başçımızın Zəngəzur, Göyçə və İrəvana qayıdışımızla, Zəngəzur dəhlizinin açılacağı ilə bağlı əminliklə səsləndirdiyi bəyanatlar deyir ki, qarşıda bizləri növbəti mübarək uğurlar gözləyir.

    Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsində parlaq qələbədən ötən 9 ay müddətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük işlər həyata keçirilib: “Bu müddətdə şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərildi, onların həyat şəraitinin, maddi təminatının yaxşılaşdırlması istiqamətində mühüm işlər görüldü. Prezident şəxsən özü bu məsələni xüsusi diqqətdə saxladı. Qaçqın və məcburi köçkünlər üçün inşa olunmuş evlər bu kateqoriyadan olan insanlara paylanıldı. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə yüksək quruculuq işlərinə başlanıldı, baş planlar hazırlandı. Hazırda Zəngilanda ağıllı kənd layihəsinin icrası, Füzuli hava limanının, Horadiz-Ağbənd dəmir yolunun inşası, Horadiz, Cəbrayıl, Zəngilan, Cəbrayıl, Hadrut yolunun çəkilişi uğurla davam etdirilir. Artıq Ağdamda böyük quruculuq və abadlıq işlərinə başlanılıb. Şuşa şəhəri yenidən qurulur. Təsəvvür edin, bütün bu işlər cəmi 9 ay ərzində həyata keçirilib”. C.Məmmədov əlavə etdi ki, üstəlik, qısa müddətdə Azərbaycan Ordusu yenidən formalaşdırıldı: “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələr inşa olundu, müdafiə sədləri daha da möhkəmləndirildi. Sözügedən müddətdə siyasi baxımdan da xüsusi əhəmiyyət kəsb edən bir sıra ciddi addımlar atıldı. Bu baxımdan ”Xarı Bülbül" Festivalının keçirilməsi, Şuşa Bəyannaməsinin və Bakı Bəyannaməsinin imzalanması da xüsusi önəm daşıyır. Bütün bu addımlar qələbənin daha da möhkəmləndirilməsinə hesablanmış işlərdir". Deputat qeyd etdi ki, hazırda qarşıda duran əsas hədəf bu istiqamətdə hər bir vətəndaşın səylə çalışmasıdır: “Düşmən üzərində qələbədə bir çox amillər ciddi rol oynadı. Onların sırasında Prezident İlham Əliyevin yüksək idarəçiliyi ilə yanaşı, xalqımızın birlik və həmrəyliyini də xüsusi qeyd etmək lazımdır. Hazırda əsas güc və diqqəti bu istiqamətə yönləndirməliyik. Çünki müharibə bitsə də, mübarizə bitməyib”. C.Məmmədovun sözlərinə görə, son proseslərin təhlili göstərir ki, müəyyən qruplar daxildə sabitliyi pozmağa çalışırlar: “Burada əsas məqsəd diqqəti Qarabağda həyata keçirilən böyük layihələrdən yayındıraraq daxili proseslərə cəlb etməkdir. Ona görə hər kəs ayıq-sayıq olmalıdır. Bu gün bir nömrəli vəzifə Qarabağı tez bir zamanda bərpa etmək, dünyanın ən gözəl və abad bölgələrindən birinə çevirməkdir. Biz buna mütləq nail olacağıq!”

    Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə Azərbaycanın gördüyü işlər ciddi şəkildə regionda yeni bir siyasi-iqtisadi mərhələnin başlanmasına gətirib çıxardı: “Bundan əlavə, Qarabağda həyata keçirilən yenidənqurma işləri, həmçinin bu istiqamətdə tərəfdaş ölkələrə əməkdaşlıq 10 ay ərzində uğurlu bir siyasi nailiyyətdir. İşğal olunmuş ərazilər bizim əsas problemimiz idi və demək olar ki, bu məsələni həll etdik. Bundan sonra ilk növbədə Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə Rusiya sülhməramlı qüvvələrinin özfəaliyyətinə son qoymaq lazımdır. Bundan əlavə, Laçın dəhlizində post qoymaq lazımdır. Çünki Laçın dəhlizinin girişində post qoymasaq, bu, bizim üçün gələcəkdə problemlər ortaya çıxara bilər. Həmçinin artıq Xocavəndin işğaldan azad edilən ərazilərinə köçkünləri yerləşdirmək lazımdır”. M.Əsədullazadə qeyd etdi ki, qələbədən sonra xarici siyasətdə uğurlar əldə etmişik: “Bu sahədə ciddi uğurlarımız var. ABŞ-la geniş şəkildə danışıqlar aparılmalıdır. Diplomatik cəbhədə, xüsusilə Qərbdə qələbəmizi daha da möhkəmləndirməli və təkmilləşdirməliyik”. Ekspertin fikrincə, daxili siyasətdə daha da uğurlu nailiyyətlər əldə etmək üçün müharibədən sonra birliyi qorumaq üçün əhalinin sosial problemlərinin həlli gərəkdir: “Çünki müharibədən sonra monopolist məmurlar ölkə iqtisadiyyatını və sosial vəziyyəti ağırlaşdırır. Düşünürəm ki, maaşlar artırılmalı, xalqın rifahı təmin edilməlidir. Qələbəni bütün sahələrdə etmək lazımdır. Çünki müharibədən sonra xalq öz sosial vəziyyətini yüksəldilməsini gözləyirdi. Təəssüf ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, Qarabağdakı qələbəmizdən sonra bir çox problemləri həll etsək, ölkəmizin mövqeyi daha da güclənə bilər. Hesab edirəm ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatını, xalqın rifahını daha da yaxşılaşdıracaq”.


    QAT sədri Akif Nağı qeyd etdi ki, qələbədən sonra hər ay bizim üçün hesabat baxımından əhəmiyyətlidir: “Hakmiyyətin də, cəmiyyətin də addımlarını diqqətlə izləyirik. Hər kəs izləyir, gözləntilərini dilə gətirir, daha çox nəticə istəyir. 9 ay da bir dövrdür, amma hesabat üçün ilin tamamı vacibdir. Bununla belə, ötən aylar ərzində həyata keçirilən işlərin də qiymətləndirilməsi vacibdir. Müharibə bitəndən sonrakı dövr qələbənin möhkəmləndirilməsi, tam qələbənin əldə olunması mərhələsidir. Ona görə də proseslərə bu meyardan yanaşırıq. Hesab edirəm ki, bütövlükdə işlərimiz yaxşı gedir. Necə deyərlər, hər şey plan üzrə gedir”.

    A.Nağı ən mühüm nəticələri xatırlatdı: “Bu müddətdə Azərbaycan rəhbərliyi öz mövqeyində qaldı, yumşalmaya imkan vermədi, bir az da irəli gedərək, Zəngəzurla bağlı iradəsini də nümayiş etdirdi. Nəticədə beynəlxalq aləm Azərbaycanın mövqeyi ilə hesablaşdı. Artıq kimsə ”münaqişə"dən danışmır. Türkiyə-Azərbaycan müttəfiqliyi daha da gücləndi, bu birliyə xələl gətirmək cəhdləri nəticə vermədi. Bu dövrdə Azərbaycan xalqının, dünyadakı soydaşlarımızın müharibə vaxtı nümayış etdirilmiş birliyini qoruyub saxlaya bildik. Xalqla hakimiyyətin birliyi ciddi faktor olaraq ortadadır. Azərbaycan düşmənin 10 noyabr razılaşmasından kənara çıxmasına hələ ki imkan verməyib. Bunlar çox yaxşıdır". Amma QAT sədri qeyd etdi ki, insanları narahat edən məqamlar da var: “Bunlardan birincisi Böyük Qayıdışın ləngiməsi ilə bağlıdır. Bu istiqamətdə proseslərin sürətləndirilməsinə ehtiyac var. Digər məsələ, Laçın dəhlizi ilə əlaqədardır. Orada rusların şəriksiz hökmranlığına son qoyulmalıdır. Türkiyənin regionda hələ ciddi hərbi iştirakının olmamamsı da narahatlıq doğurur. Bu məsələ tezliklə həllini tapmalıdır. Bütövlükdə prosesləri müsbət dəyərləndirir, yaxın vaxtlarda istədiyimiz nəticələri gözləyirik”.

    Həyata keçirilən qətiyyətli siyasətin nəticəsidir ki, Qarabağa zorla köçürülən ermənilər də artıq anlamağa başlayırlar ki, 30 illik oyunbazlıqlar bundan sonra keçərli deyil, ya Azərbaycan qanunlarına əməl etməli, ya da bu ərazilərdən rədd olub getməlidirlər. Bəzi media orqanlarının erməni mənbələrinə istinadən yazdığına görə, Qarabağdakı ermənilərin sayı sürətlə azalır. Qarabağ separatçılarının təmsilçisi David Babayan da etiraf edib ki, əhalinin köçü başlayıb. Görünən budur ki, Rusiya sülhməramlıları da Qarabağdakı erməniləri burada saxlamaq gücündə deyil, çünki ermənilər Azərbaycana qarşı törətdikləri cinayətlərin, etdikləri xəyanətlərin fərqindədirlər... Azərbaycan dövlətinin müharibədən sonrakı qətiyyəti isə onlara bir daha seçim etmək imkanı verib. Yolayrıcında qalıblar... Bir çoxları hesab edir ki, yaxşısı getmək, cəhənnəm olmaqdır, “status”un, “öz müqəddəratını təyinetmə”nin ardınca...

    Rubrika.az


    Facebook-da paylaş