Ümummilli lider Heydər Əliyev: «Mən müəllim adından yüksək bir ad tanımıram»
![]()
Prezidentin imzaladığı fərmanla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Sara xanım Xanlarova 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Müəllim adı ümumiyyətlə, Azərbaycanda həmişə çox uca tutulub. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsəd və vəzifəsi də müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq,
Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır. Ümummilli liderin sözləri ilə desək, “Mən müəllim adından yüksək bir ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır.
Bu gün də ölkəmizdə müəllim adının ucalığını qoruyan, öz intellektindən, biliyindən minlərlə şagirdinə pay verən dəyərli müəllimlərimiz az deyil. Dünən Prezident onların bir qrupunu yüksək fəxri adlarla təltif etdi.
Onlardan biri də haqqında qürurla, fəxrlə danışmaq istədiyimiz sözün əsl mənasında pedaqoq, gözəl insan, qayğıkeş ana, dürüst, mədəni, saf əqidə sahibi Sara xanım Xanlarovadır. Bütün fəaliyyəti ilə müəllim adının ucalığına ucalıq qatan Sara xanım yorulmadan Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verir. Sara xanım bütün həyatını Azərbaycan təhsilinə sərf edib. Sadə müəllimlikdən başlayaraq məsul vəzifələrə qədər yüksəlib. Amma hansı məqamda olmasından asılı olmayaraq MÜƏLLİM adının ucalığını, böyüklüyünü qoruyub, öz əməlləri ilə bunu sübut edib. Bu gün ölkəmizdə sayılıb seçilən neçə-neçə görkəmli elm,dövlət xadiminin,alimin uğur səlnaməsində onun imzası,əməyi var.
S.Xanlarova Dillər Universitetini bitirib və 14 il ixtisası üzrə müəllim işləyib. Sonra yüksək pedaqoji fəaliyyəti nəzərə alınaraq paytaxt məktəblərindən birinə təlim-tərbiyə işləri üzrə müdir təyin olunub. S.Xanlarova bir müddət təhsil şöbəsinin müdiri vəzifəsində də çalışıb. Uzun illərdir ki, onun ömür yolu,pedaqoji fəaliyyəti 132-134 saylı Təhsil Kompleksindən keçir. Böyük etimadın doğrulması üçün çəkilən gərgin əməyin yeni ünvanı məhz bu məktəbdir.S.Xanlarova yenilikçi, təhsilin inkişafına xidmət edən yeni ideyaları dəstəkləyən, işinə böyük məsuliyyət hissi ilə yanaşan direktordur. S.Xanlarova deyir ki, özünəməxsus təhsil ənənələrinə malik olan 132- 134 saylı məktəb artıq Beynəlxalq Təhsil Kompleksi kimi tanınır. Kompleks məktəbəqədər, məktəb və liseydən ibarətdir. Uşaqlar öncə bağçada, sonra məktəbdə, yüksək göstəricilər əldə etdikdən sonra liseydə təhsil almaq imkanı əldə edirlər.Sara xanım şagirdlər üçün həm mehriban ana,həm də tələbkar müəllimdir. Məhz bu iki amilin vəhdəti rəhbərlik etdiyi məktəbdə nizam-intizamı, təhsilin keyfiyyətini ən yüksək səviyyəyə qaldırıb.
Ümumiyyətlə hər bir ümumi təhsil müəssisəsi özünün ənənələri, təhsildə və təlimdə əldə etdiyi nailiyyətləri ilə iz qoymalıdır. Bu zaman məktəbə xas olan ənənələr daim qorunmalı, nəsildən-nəslə ötürülməlidir. Həmçinin, ümumtəhsil müəssisəsində qazanılan uğurlar davamlı olmalı, inkişafa istiqamətlənmiş tədbirlər həyata keçirilməlidir. Bu baxımdan Sara xanımın rəhbərlik etdiyi məktəb özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, məktəb təlim və təhsildə qazandığı uğurlara görə ölkədə nümunəvi ümumi təhsil müəssisələrindən biri sayılır.
Sara xanımın rəhbərlik etdiyi 132-134 saylı Təhsil Kompleksi Azərbaycan təhsilində inamla öz aparıcı mövqeyini qoruyub saxlayır. Onun qazandığı uğurlar ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir. Prezidentin imzaladığı fərmanla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Sara xanım 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bu Sara xanımın səmərəli, yorulmaz fəaliyyətinə dövlət başçısının verdiyi yüksək dəyərdir. Ən çətin peşə insan olmaqdır. Vətəndaş olmağın da yolu insan olmaqdan keçir. Sara xanım bu yolu şərəflə, ləyaqətlə, büdrəmədən addımlayan gözəl insan, əsl müəllim, qayğıkeş anadır.
Rubrika.az saytının kollektivi adından Sara xanımı təltif olunması münasibətilə ürəkdən təbrik edir, can sağlığı, işində yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, Sara xanım hələ uzun illər Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verəcək !
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş









