Tariximizdə bir çox “ilk”lərin müəllifi – Prezident İlham Əliyev

Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunanda onun cəmi 30 yaşı var idi. Bu gün isə Prezident İlham Əliyevin 60 yaşı bitir. Bu ömrün tən yarısı - 30 ili müstəqillik tariximizdir. Dünyanın ən qüdrətli ikinci hərbi-siyasi mərkəzi hesab olunan Sovet İttifaqının liderlərindən biri Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik ömrü, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlarla dolu 10 illik hakimiyyəti dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. O müstəqilliyimizin təməl qoyulan həmin dövrün sadəcə şahidi deyil, Heydər Əliyev siyasətinin fəal iştirakçısı idi. Həlledici an 2003-cü ildə gəldi. Azərbaycan xalqı Heydər Əliyev kimi bir siyasət dahisinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğuna inanaraq, məhz onu özünə prezident seçdi. Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə belə keçdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat deyib ki, son iki onillikdə həyatımızı dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki sovet keçmişindən ayrılmamağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydındır: ictimai-siyasi təfəkkürdən “postsovet” qalıqları təmizlənməli idi ki, insanlar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.
Cavanşir Feyziyev vurğulayıb ki, ilk dəfə İlham Əliyev 2009-cu ildə “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq” bəyanatını səsləndirdi. Prezidentin sözləri yeni inkişaf dövrünə başlamağın anonsu idi. Həmin illərdə İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaranırdı. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrünün aktuallaşması zərurəti yaranmışdı. Məhz bu zərurətdən çıxış edən dövlətimizin başçısı ölkənin çoxşaxəli, dinamik, müasir innovasiyalara əsaslanan iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu elan etdi.
Deputat deyib ki, ilk dəfə Prezident İlham Əliyev Azərbaycanın Dördüncü Sənaye İnqilabı proseslərinə qoşulması zərurətindən bəhs etdi və dünyanın bu aparıcı tendensiyasında ölkəmizin lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də Prezident İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı. Son iki ildə təkcə ölkəmizdə yox, dünyanın hər yerində milyonlarla azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsini də sanki ilk dəfə İlham Əliyevin dilindən eşitdik! Əlbəttə, ondan əvvəl də bu ifadəni deyirdik. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi. İlk dəfə o, “Biz – qalib xalqıq!” təsdiqi ilə millətimizin özgüvənini dəfələrlə artırdı.
Hər cümləsi xalqın yaddaşında iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan prezident sözün əsl mənasında yeni bir Azərbaycan qurur. Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan.
Prezident İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O, nəyi necə etməli olduğumuzu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi. Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin qorunması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialına malik olan ölkəsi kimi tanınması, etibarlı tərəfdaş kimi qəbul olunması və sözün əsl mənasında müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.
Rubrika.Az
Facebook-da paylaş









