• Manat yenidən ucuzlaşmağa başlayır

    Manat yenidən ucuzlaşmağa başlayır

    Ekspertlər durumun tam nizamlanacağına inanmırlar, imkan var, ancaq...

    Manat iki həftəlik qalxmadan sonra yenidən enişə yuvarlanmaqdadır. Artıq son hərracda manat dollar qarşısında dəyər itirib. Mərkəzi Bank 17 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb və məlum olub ki, ABŞ dollarının rəsmi məzənnəsi 1,7352 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi isə 1,8522 manat təşkil edir. 1 türk lirəsi 0,4728 manat, 1 rus rublu 0,0301 manatdır.

    Qlobal bazar üzrə məlumatlar göstərir ki, bu həftə dollar yenidən bahalaşmağa başlayıb. Manat dollar qarşısında 0,32 faiz, Rusiya rublu isə 0,7 faiz ucuzlaşıb. Hazırda USD\manat 1,7352 səviyyəsinə yüksəlib. Həmçinin, rublun eniş tendensiyası onun məzənnəsini 57,5351-ə salıb. Funt isə əksinə, 0,20 faiz bahalaşıb və hazırda 1,2487-yə satılır. Avronun bahalaşması həftənin ən yüksək tendensiyasını göstərib. Avropa iqtisadiyyatının pul vahidi 0,66 faiz bahalaşma ilə 1,0673 məzənnəsi ilə mübadilə olunur. S&P 500 indeksi isə artımlardan sonra yenidən ucuzlaşmağa başlayıb. Lakin düşmə tendensiyası çox zəif, 0,1 faiz təşkil edir 2347,22 dollara ticarət olunur. Qızılın bahalaşması isə yenidən onu qalxma tendensiyasına görə lider mövqeyinə çıxarıb. Belə ki, hazırda qızıl 1241,6 dollara satılır.

    Ekspert Vüqar Bayramov məsələ ilə bağlı açıqlamasında bildirib ki, tezliklə manat ucuzlaşmaqda davam edəcək: “Manat möhkəmləməsi başlanan zaman da bunu bildirmişdim. Demişdim ki, fevralın ikinci yarısı, eləcə də mart ayında büdcə ayırmaları səbəbindən manat ucuzlaşacaq. Eyni zamanda manat bazasının genişlənməsinə gətirib çıxaracaq, dollara tələbin artması gözlənilir. Çünki mart ayında idxal artır, bayramlar ayıdır, ölkəyə daxil olan idxal artır. Eləcə də dekabr ayında idxalın həcmi artmışdı. Şirkətlər yenidən idxal məhsullarının sayını artırırlar. Çünki dekabr ayında idxal bolluğu yanvar-fevral aylarında həmin məhsulların qiymətində azalmaya gətirib çıxardı. Eyni zamanda, mart ayında həm də on günə yaxın bayram olacaq. Xarici səfərlərin sayı çoxalacaq. Yenə də dollara tələb artacaq. Bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Böyük Britaniyada maliyyə ili ilə təqvim ili fərqlidir. Maliyyə ili aprelin 1-də başlanıb, mart ayının 31-də başa çatır. Bu da borclanmış həm sahibkarların və bankların borclarını geri qaytarmasını zəruri edir. Bu da nəticə etibarı ilə məhz dollara tələbi artırır. Ona görə də mart ayında dollara tələbin artacağı gözlənilirdi. Proqnozlaşdırdığımız kimi də, dollar möhkəmləndi. Eləcə də bizim monitorinqlərimiz göstərir ki, bazar təklifi azalıb. Yəni manat möhkəmləndi və manatın möhkəmlənməsi fonunda əvvəlki dövrlərdə dolarla yığım edən vətəndaşların bir qismi dolları manata çevirdilər və bazar təklifi yarandı. Cari xərclərdən əlavə, bazar təklifi yarandı. Təbii ki, manatın dəyər qazanmasını sürətləndirdi. Artıq həmin bazar təklifi azalıb. Çünki dolları manata çevirənlərin sayı azalıb. Əksinə, bu gün dollar alanların sayında artımlar var. Çünki artıq manatın möhkəmlənməsindən sonra yenidən dolların manata nisbətən möhkəmlənməsi dollara tələbi artırıb. Bu baxımdan, bazarda vəziyyət hələlik dollara tələbin artması istiqamətindədir. Təbii ki, dollara tələbin artması da özünü sırf manata nisbətən məzənnəsinin artmasında göstərir. Dolların manata nisbətən məzənnəsində möhkəmlənmə qeydə alınıb”.

    Ekspertin sözlərinə görə, proses manatın ucuzlaşması ilə də davam edəcək: “Proses ötən həftədən başlayıb. Bu həftə manat- dollar münasibətlərini, eləcə də valyuta bazarındakı tələb-təklifi təhlil edən zaman gəlinən nəticə ondan ibarətdir ki, bu həftə dollara tələbin artması ilə yadda qaldı. Müşahidə olundu. Bazarda dolar təklifi azaldı, tələb isə artdı. Ötən həftə hərraca çıxarılan 35 milyon satılmadı, amma bu həftə keçirilən iki hərracda tələb təklifi üstələdi. Birinci hərracda 35 milyon, ikincidə 50 milyon satıldı. Bu da tələbin artması ilə bağlıdır. Bazarda proqnozlaşdırdığımız kimi dollara tələb artır və dolların məzənnəsinə təsir göstərir. Yenə Mərkəzi Bank mövcud məbləğdə, yəni 35-50 milyon arası hər hərraca valyuta çıxaracaqsa, bu, sözsüz ki, dollara tələbin artması fonunda onun möhkəmlənməsinə səbəb olacaq”.


    V.Bayramov qeyd edib ki, Mərkəzi Bank vəziyyətdən bir şans kimi istifadə etməyə çalışmalıdır: “Əslində manatın məzənnəsi mövcud intervalda stabilləşməlidir, bu vacibdir. Mərkəzi bank buna çalışmalıdır. Kommersiya banklarına stabil məzənnə lazımdır. Dəyişən, xüsusən də qısa zamanda çox dəyişən məzənnə biznes, eləcə də banklar üçün əlverişli deyil. Biznes və banklar üçün çox az faizlə dəyişən məzənnəyə ehtiyac var ki, onlar öz işlərini proqnozlaşdıra bilsinlər. Əks dollarlaşma prosesi başlansın. Sahibkar və vətəndaşlar artıq öz pullarını sərmayə etsinlər, yaxud manata çevirərək real sektora yönəltsinlər. O baxımdan, dollara tələb yüksəkdir, amma dekabr ayında olduğu kimi deyil. Ona görə bu faktor da imkan verir ki, Mərkəzi Bank prosesin stabilləşdirilməsi ilə bağlı addımlar atsın. Dövlət Neft Fondunun Mərkəzi Banka 7,5 milyard manatlıq transferi var. Həmçinin Dövlət Neft Fondu büdcəyə transfer edəcək. Ümumilikdə 2017-ci ildə Neft Fondunun büdcəsi 14,5 milyard manatdır. Bu isə kifayət qədər ciddi bir rəqəmdir. Mövcud məzənnə ilə birbaşa dollar ifadəsində ödənişlər istisna olunduqda belə, 8 milyard dollardan artıq vəsaitdir. Ona görə bu imkanlar var, rıçaqlar var. Mərkəzi Bank nəticə etibarı ilə çalışmalıdır ki, proses məzənnənin stabilləşməsinə nail ola bilsin. Çünki dollara tələb artıq yüksəlib. Amma tələb o səviyyədədir ki, Mərkəzi Bank tərəfindən idarə oluna bilər. Bu baxımdan, növbəti dövrdə dollara olan tələbi, eləcə də prosesi bazar məzənnəsinin qaydaları çərçivəsində tənzimləyə bilərsə, ciddi şəkildə inzibati müdaxiləyə ehtiyac yoxdur. Sadəcə, hərraclar vasitəsi ilə prosesi nizamlamaq imkanı var. Biznes və banklar üçün bu gün ən ciddi və ən real addım, Mərkəzi Bank tərəfindən atıla biləcək addım məzənnənin stabilliyinə nail olmaqdır. Bu, olduqca vacibdir. Bankların həm sağlamlaşdırılmasına, həm real sektora manat ifadəsində vəsaitlərin cəlb edilməsinə şərait yarada bilər”.


    Qeyd edək ki, dollar bahalaşdıqca, ölkə bankları valyuta satışına qoyulan limiti götürürlər. Fevralın 17-də dolları limitsiz 14 bank satıb. Həmçinin bir sıra banklar dollar satışını dəfələrlə artırıblar. Mərkəzi Bank isə bir tərəfdən də manat kütləsini satışdan çıxarmağa çalışır. Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 204,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,73 faiz təşkil edib. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini bəyan etmişdi. Beləliklə, tələb təklifdən çox olub. Qeyd edək ki, depozit hərracları izafi pulun dövriyyədən çıxarılması (sterilizasiyası) məqsədilə keçirilir.

    Rubrika.az


    Facebook-da paylaş